Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər, qüvvələrin koordinasiyalı və effektiv tətbiqi sayəsində nəzarətə götürmək mümkün olub.
FHN-dən "İslamazeri.com"a daxil olan məlumata görə, hazırda ətraf ərazilər, o cümlədən ictimai-iaşə və kommunikasiya obyektləri üçün təhlükə yoxdur. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmçinin, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın nəzarətə götürülüb və hazırda soyutma tədbirləri görülür.
Yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Xaçmazdakı meşə yanğını nəzarət altına alınıb