İran Xarici İşlər Nazirliyi Albaniya hökumətinin İrana qarşı əsassız iddialarını rədd edib.

İran Xarici İşlər Nazirliyi bəyanatında Albaniya hökumətinin İran əleyhinə qərarını kəskin şəkildə pisləyib.
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Albaniya hökumətinin İrana qarşı əsassız iddialarını rədd edərək, bu ölkənin İranla siyasi əlaqələri kəsmək qərarını beynəlxalq münasibətlərdə düşünülməmiş addım kimi qiymətləndirib.
Nazirliyin yaydığı bəyanatda bildirilib:
"Kritik infrastrukturuna qarşı kiberhücumların hədəf ölkələrindən biri olan İran, kiberməkanın digər ölkələrin kritik infrastrukturuna hücum vasitəsi kimi istifadəsini rədd edir və pisləyir.
İrana qarşı bu iddiaların ortaya atılmasında üçüncü şəxslərin oynadığı rol terroru dəstəkləyən ölkələrin bu sahədə təsirini göstərir.
ABŞ-ın dərhal bəyanat yayması və bu qərara İsrail media orqanlarının cavab verməsi İrana qarşı siyasi atmosfer yaratmaq üçün əvvəlcədən hazırlanmış planın mövcudluğundan xəbər verir".
Qeyd edək ki, İranı ölkəsinə qarşı kiberhücum etməkdə ittiham edən Albaniyanın baş naziri Edi Rama dünən ölkəsinin İranla diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.
İran Albaniyanın kiberhücum ittihamlarını rədd edib