Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 40 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 60 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 5000 ədəd psixotrop tərkibli həb çıxarılıb.
DİN-dən "İslamazeri.com"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum edilmiş Hüseyn Məmmədov saxlanılıb. Ondan 6 kiloqramdan artıq heroin və metamfetamin, 100 ədəd psixiotop tərkibli həb, 1 ədəd tapança, daraq, partonlar və beşbarmaq aşkar edilib. Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Gündüz Qarayev və Elxan Məmmədli saxlanılıblar. Onlardan ümumilikdə 12 kiloqram heroin, metamfetamin, tiryək, o cümlədən 480 ədəd psixotrop tərkibli həb aşkar edilib. Adı çəkilən şəxslərin qaçaqmalçılıq yolu ilə əldə etdikləri külli miqdarda narkotiklərin həm ölkə ərazisində satışını təşkil etməsinin qarşısı alınıb.
Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonları, eləcə də, Sumqayıt şəhərində və Abşeron rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə 23 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 28 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
DİN əməliyyat keçirdi: Narkotiklərin satışını həyata keçirən 40 nəfər saxlanıldı